FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya-Layihələndirmə binasında “Yanan polimerlərlə birgə quraşdırılmış metal konstruksiyalı binalarda yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, taktiki təlimin keçirilməsində məqsəd Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiya-Layihələndirmə ofis binasında yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini, döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə döyüş hərəkətlərinin aparılması qaydalarını, xidmətdə olan işçi heyətin yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək olub.
“Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə təlimat”ın tələblərinə uyğun olaraq, təlimdən əvvəl 3 əsas korpusdan ibarət ofis binasının yerləşdiyi ərazinin əməliyyat-taktiki xüsusiyyətləri, mövcud rabitə vasitələri, su təchizatı öyrənilib.
Təlimə cəlb olunmuş yanğın avtomobillərinin texniki silahlarla komplektləşdirilməsi, onların sazlığı və istismar zamanı etibarlılığı yoxlanıldıqdan, zəruri olan digər hazırlıq işləri görüldükdən sonra yanğın taktiki təlimə start verilib və şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Təlimdən sonra əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə olunmuş müsbət təcrübənin gələcəkdə tətbiqi, mövcud nöqsanların aradan qaldırılması, həmçinin gələcəkdə döyüş hərəkətlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.