FHN-in Gəncə Regional Mərkəzi “Açıq qapı günü” keçirib
Gəncə, 1 iyun, AZƏRTAC
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Gəncə Regional Mərkəzində Vətən müharibəsində Gəncə şəhərindən olan şəhid övladları üçün “Açıq qapı günü” keçirilib.
Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil Şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Açıq qapı günü”ndə uşaqlara nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub.
Daha sonra uşaqlar nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışlarına cəlb olunublar. Tədbir asfalt üzərində rəsm yarışması ilə davam edib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.