CƏMİYYƏT
FHN: Qanunsuz tikinti işlərinin qarşısı alınıb VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində vətəndaş Araz Sifariz Səbzəliyev oğluna məxsus ərazidə müvafiq icazə verici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.