ELM VƏ TƏHSİL
Fibonacci intellektual yarışının 2-ci mövsümünə start verilib
![](/files/galleryphoto/2019/3/1200x630/w_161572079616522164056_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720796163842424034_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720796165387053116_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/w_1615720796162975919670_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın 2-ci mövsümünün rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin başlıca məqsədinin təhsillə yanaşı, məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu bildirib. Bununla yanaşı, şagirdlərdə müstəqil düşünməyi, sərbəst fikir söyləməyi, öz təcrübə və biliyini təhlil etməyi, özünüqiymətləndirməni, əməkdaşlıq etməyi, başqalarını dinləməyi və müxtəlif fikirlərə hörmət etməyi aşılamaq, kreativ təfəkkürü inkişaf etdirmək də layihənin məqsədləri sırasındadır.
T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
O, müasir dünyada təhsilin mühüm rolundan danışıb. Ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Məktəblilərarası Fibonacci intellektual yarışı barədə fikirlərini bölüşən Gülşən Orucova şagirdlərin məntiqi təfəkkürlərinin inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırıb.
Məlumat verilib ki, layihəyə Bakı şəhəri üzrə 40 məktəb cəlb olunub. Layihə üzrə 8 adi, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulur.
Layihə məşhur Fibonacci intellektual oyunları formatında təşkil olunub. Bu oyunları fərqli edən cəhət onun unikallığı, sual və tapşırıq növlərinin rəngarəngliyi, Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm Azərbaycan, həm də rus dilində keçirilməsidir.
Məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilməsi planlaşdırılır. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib komandalara xüsusi hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.
Yarış çərçivəsində təşkil ediləcək bütün oyunlara Təhsil Nazirliyi rəsmilərinin, 6 nömrəli məktəbin fəxri məzunlarının, ziyalı və məşhur şəxslərin, eləcə də KİV nümayəndələrinin dəvət olunması planlaşdırılır.
Rəsmi açılış mərasimindən sonra yarışın ilk oyununa start verilib.