İDMAN
FIG Texniki Komitəsinin üzvü: Bakının təşkilatçılıq imkanları insanı heyran edir
Bakı, 24 iyun, AZƏRTAC
“Bakının təşkilatçılıq imkanları insanı heyran edir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniella Dellekyaki bildirib.
Onun sözlərinə görə, bu imkanlar həm texniki, həm də iqtisadi aspektlərə aiddir. Çünki dövlət ölkədə idmanın inkişafına, o cümlədən gimnastikaya vəsait ayırır.
D.Dellekyari vurğulayıb ki, son bir neçə il ərzində Azərbaycanda gimnastika xeyli inkişaf edib, bunun sayəsində ölkədə olduqca güclü gimnastlar hazırlanıb. Sizin Gimnastika Federasiyanız iri struktura çevrilib, yaxşı təşkilatçı olub.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı iyulun 22-24-də Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.