“FORBS” JURNALI DÜNYANIN ƏN VARLI HÖKMDARLARININ ADLARINI AÇIQLAMIŞDIR
Jurnalın hesablamalarına görə, Səudiyyə Ərəbistanının kralı, iki müqəddəs ocağın xadimi, əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun var-dövləti 21 milyard dollardır. Kral ailəsinin əsas gəlir mənbəyi neftdir. Səudiyyə Ərəbistanında 340 milyard dollara çatan ümimi daxili məhsulun təxminən yarısı neft hasilatının payına düşür.
Bruneyin 39-cu sultanı Həssənal Bolkiah da 20 milyard dollarlıq varını neft və qaz ehtiyatları sayəsində toplamışdır. Sultanın sarayında 1788 otaq var. “Forbs”ın siyahısındakı 3-cü ən varlı hökmdarın – Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Xəlifə bin Zaid Al Nəhyanın da gəlirlərinin əsas mənbəyi neftdir. Jurnalın hesablamalarına görə, onun var-dövləti 19 milyard dollardır. Dördüncü yeri 14 milyard dollarla Dubay əmirliyinin başçısı şeyx Məktum bin Rəşid Al Məktum tutur.
Sonrakı yerlərdə Lixtenşteynin hazırkı knyazı II Hans Adam fon Lixtenşteynin (4 milyard dollar), Monako knyazı II Alberin (1 milyard dollar) adları çəkilir. 7-ci yeri 900 milyon dollarla Kuba Prezidenti Fidel Kastro tutur. Jurnal yazır ki, Kuba lideri öz var-dövlətini iri dövlət şirkətlərinə nəzarət hesabına yığmışdır.
Sonrakı yerləri Ekvatorial Qvineyanın Prezidenti Teodor Obiyanq Hquyema (600 milyon dollar), Böyük Britaniya kraliçası II Elizabet (500 milyon dollar) və Niderland kraliçası Beatriks (270 milyon dollar) tuturlar.