ELM VƏ TƏHSİL
“Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək
Bakı, 26 oktyabr, AZƏRTAC
Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq.
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi əlavələrlə birlikdə nazirliyin internet səhifəsində (www.edu.gov.az) “Sənədlər” bölməsində yerləşdirilib.
Müsabiqəyə təqdim olunan işlər əsasnamənin tələblərinə tam uyğun olmaqla münsiflər heyəti tərəfindən seçilməli, qaliblər haqqında məlumatlar noyabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan internat məktəblərinin, lisey və gimnaziyaların, uşaq-gənclər inkişaf mərkəzlərinin direktorlarına müsabiqənin rayon (şəhər) mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradaraq müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında göndərilməsini təmin etmək tapşırılıb.