CƏMİYYƏT
“Fövqəladə vəziyyətlərdə qadınlara münasibətdə yanaşma” mövzusunda təlim keçirilib
Bakı, 25 iyul (AZƏRTAC). BMT-nin CEDAW - Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının öhdəliklərindən irəli gələn tövsiyələrdən biri də fövqəladə hallar zamanı qadın və uşaqları nəzərdə tutan xüsusi yanaşmaların həyata keçirilməsidir. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fövqəladə Hallar Nazirliyi ilə birgə respublikanın fövqəladə hallara həssas olan bölgələrində, o cümlədən Zaqatala, Sabirabad, Suraxanı rayonlarında icma qadınları üçün təlimlərin keçirilməsini nəzərdə tutub.
Belə təlimlərdən biri Suraxanı rayonunda keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional mərkəzlərlə iş şöbəsinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər. Komitənin əməkdaşı tərəfindən keçirilən təlimdə ekstremal situasiyalarda insanların davranış reaksiyaları və onların psixi sağlamlığının qorunması məsələlərindən danışılıb, psixoloji məsləhətlər verilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı videoçarx və fövqəladə hallarda təhlükəsizlik tədbirlərinin görülməsinə dair təqdimat nümayiş olunub, zəlzələ, eləcə də digər ekstremal situasiyalarda fərdi təhlükəsizlik qaydaları haqqında təlimat verilib.
Ümumilikdə 40 nəfərdən artıq qadının iştirak etdiyi tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı təlimatlar verilib.