CƏMİYYƏT
Fransa və Xorvatiyanın bəzi ərazilərindən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
![Fransa və Xorvatiyanın bəzi ərazilərindən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub](/files/2023/3/1200x630/1700657233221919938_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
Fransanın Pei de la Luar regionundan və Xorvatiyanın Brodsko-Posavska inzibati ərazi vahidindən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Pei de la Luar regionunda epizootik homorraji, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün Fransanın Pei de la Luar regionundan bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Xorvatiyanın Brodsko-Posavska inzibati ərazi vahidində, zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən bütün növ quşçuluq məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.