CƏMİYYƏT
Fransanın internet portalında Naftalan neftinin və Abşerondakı palçıq vulkanlarının möcüzəsindən bəhs edən məqalə yerləşdirilmişdir
Paris, 12 iyun (AZƏRTAC). Fransanın internet portalında “Euronews”un fransız dilindəki variantına istinadla Azərbaycanda insanlara şəfa verən Naftalan nefti və Abşerondakı palçıq vulkanlarından bəhs edən məqalə yerləşdirilmişdir.
Azərbaycanın yeraltı sərvətlərlə zənginliyindən söhbət açılan məqalədə onların sırasında neftdən yalnız yanacaq kimi deyil, eyni zamanda, insanların sağlamlığı məqsədilə istifadə edildiyi, Naftalan neftinin, Qobustan rayonu ərazisindəki palçıq vulkanlarının möcüzəli xüsusiyyətləri diqqətə çatdırılmışdır.
Məqalədə qədim İpək Yolu üzərində yerləşən bu sağlamlıq ocağı ilə bağlı rəvayət xatırlanmış, Naftalan neftinin yanmamaq kimi nadir xüsusiyyətindən bəhs olunmuş, bir çox xəstəliklərin müalicəsi məqsədilə neft vannalarından istifadə edildiyi diqqətə çatdırılmışdır. Həmçinin tərkibində parafin olmayan və benzin funksiyasını yerinə yetirməyən Naftalan neftinin qan dövranının yaxşılaşdırılmasında, dəri, yel və digər xəstəliklərin müalicəsində əvəzsiz rolu vurğulanmış, dünyanın müxtəlif guşələrindən, xüsusilə Rusiya və Ukraynadan ağır xəstələrin burada şəfa tapmaları bildirilmişdir.
Neftlə müalicə aparan ilk klinikanın 1929-cu ildə açıldığı, sovet hakimiyyəti illərində çox populyar olduğu da diqqətə çatdırılmışdır.
Yazıda Azərbaycanda insanların sağlamlığı üçün palçıq vulkanlarından da geniş istifadə edildiyi bildirilmişdir. Dünyada bu tip vulkanların ölkəmizdə daha çox olduğu, müxtəlif adda 300 formada belə vulkanın mövcudluğu, onların arasında ən əsas və mühüm müalicəvi əhəmiyyətə malik Qobustan ərazisindəki Daşgil vulkanının adı vurğulanmışdır.
Məqalədə palçıq vulkanının müalicə əhəmiyyətli müxtəlif elementlərlə zənginliyi, ondan tibb sahəsində, kosmetik məqsədlərlə geniş istifadə olunduğu, xəstələrin ilboyu palçıq vannası qəbul etmək imkanları diqqətə çatdırılmışdır.
Məqalədə “Gazelli” firması tərəfindən palçıqdan hazırlanan kosmetik məhsulların geniş yayıldığı və ondan daha çox dərinin cavan qalmasında istifadə olunduğu, palçıq vulkanlarını təkcə xəstələrin deyil, Azərbaycana gələn turistlərin də ziyarət etdikləri bildirilmiş, mütəxəssislərin palçıq vulkanlarının xüsusiyyəti barədə fikirlərinə yer verilmişdir.
Məqalənin tam mətni ilə aşağıdakı linkə daxil olmaqla oxumaq mümkündür:
video.planet.fr/a-la-une-petrole-boue-de-volcan-lazerbaidjan-veut-faire-de-bien.638187.12214.html
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris