Fuad Nağıyev: Azərbaycanda turizm sənayesi subyektlərinin reytinq qiymətləndirilməsi aparılacaq
Bakı, 5 may, Emil Məlikov, AZƏRTAC
Azərbaycanda turizm sənayesi subyektlərinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün Turizm İnformasiya Sistemi (Turizm Reyestri) vasitəsilə müraciət imkanı yaradılır. Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən turizm sənayesi subyektləri "B" kateqoriyası, açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları əldə edən subyektlər isə "A" kateqoriyası ilə təltif ediləcəklər. Hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib. Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilib, müzakirələr aparılıb, turizm sənayesinin rəy və təklifləri nəzərə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev reyestrin təqdimatı zamanı videomüraciətində bildirib.
“Layihənin uğurlu icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, eyni zamanda potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək. Gələcəkdə reytinq qiymətləndirməsinin məzmun baxımından daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Turizm Reyestrindən qeydiyyatdan keçmək, müvafiq olaraq "A" və "B" kateqoriyaları əldə etmək sənayə nümayəndələrinə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq, həmçinin "A" və "B" kateqoriyası alan sənaye subyektlərininin fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, turoperator və turagentlərin, turizm bələdçilərinin qeydiyyatı və təsnifatının aparılması planlaşdırılır", - deyə DTA-nın sədri qeyd edib.