Futzal üzrə Yüksək Liqada XX tura yekun vurulub
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk qarşılaşmada, xüsusilə də ikinci dövrədən etibarən yüksəlişdə olan “Xəzər Cənub” “Yasamal”ı sınağa çəkib. Gözlənildiyi kimi, qarşılaşma legionerlərdən qurulmuş “Xəzər Cənub”un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 9:1.
Turun mərkəzi oyunu - EKOL-“Neftçi” isə kifayət qədər maraqlı alınıb. İkinci dövrədə rəqibini 7:0 hesabı ilə məğlub edən EKOL bu dəfə matçın əvvəlində qapısından ardıcıl iki top buraxıb. Bundan sonra toparlanmağa çalışan komanda fasiləyə minimal hesablı yenilgi ilə yollanıb. “Neftçi”nin hesabdakı üstünlüyü ikinci hissədə də davam edib. Hətta matçın başa çatmasına 14 dəqiqə qalmış Hacıbala Abdullazadənin komandası rəqibini üstələsə də, təcrübəli Namiq Məmmədkərimov əzəli rəqiblərin maraqlı və gərgin duelinin “sülh”lə başa çatmasını təmin edib - 6:6.
Günün sonuncu oyununda isə “Yasamal” MFK “Liman”la üz-üzə gəlib. Birincilərin qələbəsi gözlənilən olsa da, “Liman” oyunun müəyyən vaxtlarında müqavimət göstərməyə çalışıb. Xüsusilə də Paşa Tanırverdiyevin məhsuldarlığını qeyd etmək olar. Ötən mövsümün ikinci bombardiri olan “Yasamal” MFK-dan Mortoza Cahandost isə aktivindəki qolların sayını artırmaq üçün hər fürsəti xeyrinə yazdırmağa çalışıb. Matç “Yasamal” MFK-nın 13:8 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 40 xal olan “Araz” komandası turnir cədvəlinə başçılıq edir. EKOL 39 xalla ikinci, “Neftçi” isə 34 xalla üçüncü pillədə qərarlaşıblar.