CƏMİYYƏT
Füzulidə məcburi köçkün gənclər üçün təlim keçirilmişdir
Füzuli, 21 yanvar (AZƏRTAC). “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Horadiz şəhərində yaşayan məcburi köçkün gənclər üçün “Məşğulluq imkanlarının artırılması yolu ilə məcburi köçkün gənclərinə dəstək” mövzusunda təlim keçirmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, “Ahıllara və məcburi köçkünlərə göstərilən ictimai və sosial xidmətlərin gücləndirilməsi ilə bağlı ictimai vəkillik kampaniyasının təşkili” layihəsi çərçivəsində keçirilən təlimdə Füzuli Rayon İcra Hakimiyyətinin, məşğulluq mərkəzinin, gənclər və idman idarəsinin nümayəndələri və məcburi köçkün gənclər iştirak etmişlər.
Təlim zamanı gənclərə Azərbaycan Respublikasının Məşğulluq Strategiyası, karyera planlaşdırması, iş axtarmaq qaydaları, CV-lərin hazırlanması, müsahibəyə və müsabiqəyə hazırlıq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq, bu qurumda qeydiyyatdan keçmə prosedurası və layihə təklifinin hazırlanması ilə bağlı məlumatlar verilmişdir.
İştirakçılar əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq edərək, CV-lər və layihə təklifi hazırlamışlar.
Təlimin sonunda mövzu ilə bağlı müzakirələr aparılmışdır.