İDMAN
Fyodor Vlasov: Birinci Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil edilib
Bakı, 18 iyun, Əziz Məmmədov, AZƏRTAC
Mən Bakıda ilk dəfədir ki, oluram. Dünən şəhəri gəzmək imkanım oldu. Məndə Bakı haqqında ən yaxşı təəssüratlar yarandı. Şəhər çox gözəldir, təmizdir və insanları gülərüzdür. İlk Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil edilib. Dərhal hiss olunur ki, bütün bunlar həvəslə hazırlanıb.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində birinci Avropa Oyunlarının güllə atıcılığı üzrə iştirakçısı (tüfəng, 50 metrdən uzanaraq), dəfələrlə Dünya Kuboku sahibi olan Fyodor Vlasov deyib.
“Azərbaycana birinci dəfə keçən il gəldim. Həmin vaxt Qəbələdə Dünya Kubokunun finalında iştirak edirdim. Avropa Oyunlarında çıxışlarımın nəticəsində yeganə çatışmazlıq isə havanın çox küləkli olmasıdır. Lakin bu, mənim Bakı haqqında təəssüratımı heç vaxt dəyişməyəcək. Bakıya valeh oldum və yaxın vaxtlarda doğmalarımla birgə bu şəhərə mütləq gələcəyəm”, - deyə F.Vlasov qeyd edib.