GAİM-də təhsil alan soydaşlarımız imtahanlarda yüksək nəticə əldə ediblər
Tbilisi, 30 iyul, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) həyata keçirilən təhsil proqramlarından faydalanan soydaşlarımız uğurlu nəticələr əldə ediblər.
AZƏRTAC xəbər verir ki, mərkəzin “1+4” proqramı çərçivəsində təşkil olunan riyaziyyat və məntiq hazırlıq kurslarının iştirakçıları 2026-cı il Vahid Milli İmtahanlarda yüksək nəticələr göstərərək ali təhsilə gedən yolda mühüm nailiyyət əldə ediblər.
Cari tədris ilində GAİM-in “1+4” proqramı üzrə hazırlıq kurslarını başa vuran 73 abituriyent ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 50-dən çoxu yüksək nəticə əldə edib.
Bununla yanaşı, GAİM-də birbaşa I kursa qəbul istiqamətində hazırlıq keçən 10 abituriyent də Vahid Milli İmtahanlarda yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanıb. Bu göstəricilər mərkəzdə həyata keçirilən peşəkar hazırlıq proqramlarının səmərəliliyini nümayiş etdirir.
Əldə olunan nailiyyətlər GAİM-də tətbiq edilən müasir tədris metodlarının, müəllimlərin peşəkarlığının, eləcə də abituriyentlərin zəhmətinin, intizamının və məqsədyönlü fəaliyyətinin nəticəsidir.