GDU-da açıq dərslər təşkil olunub
Gəncə, 15 fevral, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) kafedralarında boş olan dosent və baş müəllim yerlərini tutmaq üçün müraciət etmiş namizədlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə açıq dərslər keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilk dəfə müsabiqədə iştirak etmək istəyən müxtəlif kafedralardan olan 10 müəllim vakant baş müəllim yerini, 9 baş müəllim isə dosent yerini tutmaq üçün universitet tərəfindən yaradılan komissiya qarşısında müxtəlif mövzularda nümunəvi dərs keçiblər. Açıq dərslərdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, rektorun baş müşaviri Asif Cavadov, elmi katib Seymur Meşaik və digərləri iştirak ediblər.
Yekunda komissiya üzvləri tərəfindən açıq dərslər ətraflı təhlil edilib və namizədlərə lazımi tövsiyələr verilib.