GƏDƏBƏYDƏ İDMANIN İNKİŞAFI ÜÇÜN GÖZƏL ŞƏRAİT YARADILMIŞDIR
İdmançılar dövlətimizin başçısını və xanımını səmimiyyətlə qarşıladılar, onlara gül dəstələri təqdim etdilər.
Kompleksdə idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün gözəl şərait yaradılmışdır və burada respublika əhəmiyyətli yarışlar keçirmək mümkündür. Açıq havada futbol, mini futbol, basketbol, voleybol meydançaları da tikilmişdir. Gələcəkdə qış idman növləri üzrə qurğuların yaradılması da nəzərdə tutulmuşdur. Bütün bunlar ucqar dağ rayonu olan Gədəbəydə bədən tərbiyəsi və idmanın inkişafına güclü təkan verəcəkdir.
Dövlətimizin başçısı geniş idman zalında kiçik yaşlı cüdoçuların və stolüstü tennisçilərin məşqlərinə tamaşa etdi. Balaca cüdoçular Tamerlan Hüseynov və Rüfət Quliyev öz məharətlərini nümayiş etdirdilər. Rayonda müxtəlif yaş qrupları üzrə futbol komandaları da yaradılmışdır.
Prezident İlham Əliyev futbol meydançasını da gəzdi, topa zərbə endirdi. Gədəbəydə idmanın inkişafı üçün yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı ölkəmizdə gənc nəslin sağlam böyüməsinə bundan sonra da qayğı göstəriləcəyini bildirdi.