MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında yazıçı Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada əsas rolları Əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov və Nurlan Süleymanlı canlandıracaq.
Pyesin ilk oxunuşunda tamaşanın rejissoru Elşad Rəhimzadə uşaqların mənəvi-estetik cəhətdən tərbiyəsi üçün bu cür mövzulara müraciət etməyin mühüm olduğunu vurğulayıb: “Bu il böyük rus şairi A.S.Puşkinin 220 illiyi tamam olur. Puşkin təkcə rus yox, dünya incəsənətinə, ədəbiyyatına təsir etmiş sənətkardır. Bu münasibətlə teatrımızın rəhbərliyi yazıçı-dramaturq Pərvinin “Qızıl balıq” pyesinə quruluş verməyi mənə həvalə etdilər. Ümumiyyətlə balacaların tərbiyəsi, şəxsiyyətin formalaşdırılması üçün belə ibrətamiz əsərlərin qoyulması, onlara təqdim olunması vacibdir. Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsərinin balaca tamaşaçıların ürəyincə olacağına inanırıq”.
Tamaşanın premyerası may ayının ilk ongünlüyünə nəzərdə tutulub.