Gənc vokalist Emin Eminzadənin yeni mahnısının təqdimatı olub
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laureatı Emin Eminzadə “Treasure Me” (“Qədrimi bil”) adlı yeni mahnısı ilə tamaşaçıların görüşünə gəlib.
Müğənni AZƏRTAC-a açıqlamasında deyib ki, bu mahnı təkcə sevgi haqqında deyil, eyni zamanda, rəqssevərlər üçün də əla ritmləri olan musiqidir: “Karyeramda keçid rolunu oynayan musiqilərdən biri “Behind te Curtain” (“Pərdənin arxasında”) mahnısı olub. Bu mahnı ilə dünyanın bir çox ölkələrində tanındım. Xüsusilə ABŞ-da da sevilməyimə məhz “Pərdənin arxasında” musiqisi səbəb oldu. Amma bu yeni “Qədrimi bil” mahnısı isə fərqli olacaq”.
Emin Eminzadə açıqlamasında onu da deyib ki, “Qədrimi bil” adlı yeni mahnısının klipi də hazırdır: “Klip çəkilişləri bitib. Fevral ayının 1-də klipin təqdimatını keçirməyi planlayıram".
Mahnının musiqisi və sözləri gənc müğənni Emin Eminzadənin özünə məxsusdur. Klipin rejissoru isə Habil Quliyevdir. Klipin operatoru isə Fransada təhsil alan və hazırda orada işləyən Orxan Abbasovdur. Klipdə məşhur model Diana Katova da yer alıb.
Xatırladaq ki, Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibi olan Emin Eminzadə İtaliyada “Elia Catalano və İspaniyada “Opus” müsabiqələrində iştirak edib. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. E.Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasında oxuyub. Hazırda gənc müğənni Azərbaycan, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.