Gəncə Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yeni bina ilə təmin olunub
Gəncə, 23 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yeni bina ilə təmin edilib. Bundan sonra Şahmat məktəbi Gəncə şəhər Park-Bulvar Kompleksində, vaxtilə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyi üçün ayrılmış binada fəaliyyət göstərəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbindən məlumat verilib.
Bildirilib ki, hazırda məktəbdə qeydiyyatda olan 1058 nəfər şagirdə 58 müəllim tərəfindən şahmatın sirləri öyrədilir. Həmin şagirdlərdən 268 nəfərinə məktəbin özündə, digərlərinə isə şəhərin təhsil müəssisələrində 41 məşqçi-müəllim tərəfindən intellektual zəka oyununun üstünlükləri mənimsədilir.
Yeni binada şagirdlər üçün 7 şahmat sinfi otağı və 1 zal yaradılıb. Məktəbin zalında 200-250 şagird eyni vaxtda müxtəlif turnir və yarışlarda mübarizə apara biləcək.
Qeyd edilib ki, məktəb 1980-ci ildən bəri çoxlu sayda beynəlxalq qrossmeyster, beynəlxalq usta, Avropa və dünya birinciliklərinin mükafatçılarını yetişdirib. Beynəlxalq qrossmeysterlər Vüqar Rəsulov, Ülviyə Fətəliyeva və beynəlxalq ustalar - Ayaz Məmmədov, Nicat Ağayev, Səbinə İbrahimova isə Gəncə Şahmat Məktəbinin son 7 ildəki yetirmələridir.