MƏDƏNİYYƏT
Gəncədə Əhməd Cavadın 120 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir
Gəncə, 9 dekabr (AZƏRTAC). Gəncə Dövlət Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük istiqlal şairi Əhməd Cavadın anadan olmasının 120 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2012-ci il 9 fevral tarixli Sərəncamının əhəmiyyəti qeyd edilmiş, “Azadlıq aşiqinin ömür yolu”, “Müstəqil dövlətçilikdə tarixilik və ənənəvilik”, “Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şair” və sair mövzularda məruzələr dinlənilmişdir.
Məruzə və çıxışlarda bildirilmişdir ki, Azərbaycan cəmiyyətində milli şüurun formalaşmasında müstəsna xidmətləri olan, eləcə də nadir istedada və fitri zəkaya malik Əhməd Cavad Türk dünyasının nadir şəxsiyyətlərindən biri olmuşdur.
Yubiley tədbirinin sonunda böyük istiqlal şairinin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, şerlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.