MƏDƏNİYYƏT
“Ulduz”un yeni nömrəsində...

Bakı, 16 may, AZƏRTAC
“Ulduz” jurnalının aprel nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Xanım Anelanın “Özüylə söhbəti...” və hekayələri ilə açılır.
Bu nömrədə “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Üç hekayəyə bir baxış” yazısı, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiqəsinin qaliblərinə həsr olunmuş məqalə yer alır.
“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndər, “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli və Xatirə Salahzadənin hekayələri oxuculara təqdim olunur.
“Qısa fikirlər xəzinəsi”ndə ənənəvi olaraq dühalar yer alır.
“Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir. “Müsahibə” rubrikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət”i oxucularla bölüşür.
“Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir.
Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncənin bənzərsizliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır.
“Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır.
Həmçinin “Ulduz”un bu nömrəsində yeni imzalar, yeni yazılar və yeni baxışlarla tanış olmaq mümkündür.