Gəncədə karantin rejimini pozan uşaq bağçası aşkarlanıb VİDEO
Bakı, 7 may, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl uşaq bağçası aşkarlayıblar. Vətəndaş Gülnar Günəşliyə məxsus “Montesorri Kids Paradis” adlı uşaq bağçasının fəaliyyəti polis əməkdaşları tərəfindən dərhal dayandırılıb. Bağçadakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmaları, xüsusi karantin rejiminin tələblərini yerinə yetirmələrinin vacibliyi barədə xəbərdarlıq edilib. G.Günəşli və bağçanın digər əməkdaşları barədə qanuna müvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.