Gəncədə keçirilən tədbirlərdə Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınacağına əminlik ifadə olunmuşdur
Gəncə, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü Gəncədə bir sıra silsilə tədbirlərlə qeyd edilmişdir. Elm və təhsil müəssisələrində, idarə və təşkilatlarda keçirilən elmi-praktik konfranslarda, rəsm, şeir, inşa yazı müsabiqələrində bildirilmişdir ki, bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı nəinki azərbaycanlılara, eləcə də insanlığa qarşı yönəldilmiş cinayətdir.
AZƏRTAC xəbər verir ki, faciənin 22-ci ildönümü ilə bağlı keçirilən ümumşəhər toplantısında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev erməni cəlladlarının keçmiş sovet ordusunun 366-cı motoatıcı diviziyasının köməyi ilə Xocalıda törətdiyi qanlı cinayətdən danışmış, şəhərin yerlə-yeksan edildiyini, sakinlərə xüsusi amansızlıqla divan tutulduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı yalnız ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymətini almışdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gördüyü işlər yüksək qiymətləndirilmişdir.
Sonra Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Azad Bayramov və Azərbaycan Texnologiya Universitetinin müəllimi Rauf Hacıyev çıxış edərək ermənilərin torpaq iddiası ilə əsrlər boyu azərbaycanlılara qarşı yürütdükləri etnik təmizləmə və soyqırımı siyasətindən danışmışlar.
Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirlər Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan xocalılarla birlikdə davam etdirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Anım mərasiminin iştirakçıları qəsəbədə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə tər qərənfillər düzmüşlər. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək xocalılara başsağlığı vermişdir. Belə bir əminlik ifadə olunmuşdur ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, Xocalı soyqırımı beynəlxalq müstəvidə tanınacaqdır.
Xocalı ağsaqqalı Kərəm Əsgərovun çıxışından sonra məktəblilər qanlı faciə ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonda qəsəbədə qurulmuş çadırlarda ehsan süfrəsi açılmışdır.