MƏDƏNİYYƏT
Gəncədə “Mədəniyyət tariximizin işıqları” adlı silsilə tədbirlər təşkil edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16540127141636931206_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540127141929532484_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540127145097414182_1200x630.jpg)
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü ilə əlaqədar Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Gəncə Regional Mədəniyyət İdarəsi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Mədəniyyət tariximizin işıqları” adlı silsilə tədbirlər təşkil edilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konsert proqramı və ustad dərslərindən ibarət silsilə tədbirlərdə Cümhuriyyət dövründə, habelə ondan əvvəl və sonra yaşamış tarixi şəxsiyyətlərin - Əhməd Cavadın 130, Xurşidbanu Natəvanın 190, Hacı Zeynalabdin Tağıyevin 200, Hüseyn Cavidin 160, Fikrət Əmirovun 100 və Rauf Hacıyevin 100 illik yubileyləri qeyd edilib.
Dörd ixtisas - vokal, fortepiano, kamança və tar üzrə keçirilən ustad dərslərində adları çəkilən dahi şəxsiyyətlər yad edilib və onların Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən bəhs olunub. Gəncə şəhəri Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən ustad dərslərində təcrübəli mütəxəssislər şagird və müəllim heyəti ilə öz təcrübələrini bölüşüblər.
Silsilə təbirlərin davamı olaraq, Gəncə Dövlət Filarmoniyasında Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagird-müəllim kollektivi, Gəncə Uşaq İncəsənət məktəbinin şagirdləri, Filarmoniyanın solistləri, Dövlət mükafatçıları, yerli və beynəlxalq müsabiqə laureatları zəngin proqramla çıxış ediblər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan dövlətinin ötən əsrdə milli müstəqillik uğrunda keçdiyi keşməkeşli yol və bu mübarizənin davamı olaraq müasir dövrdə respublikamızın əldə etdiyi uğurlar barədə fikirlərini bölüşüb.
Cümhuriyyətin ilk paytaxtı Gəncədə tədbir iştirakçılarını salamlayan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli qonaqlara yubileyləri qeyd edilən şəxsiyyətlər barədə məlumat verib, bu dahi şəxsiyyətlərin əziz xatirəsini xalqımızın daim xatırladığını və adlarını uca tutduğunu qeyd edib. Eyni zamanda, o bildirdi ki, adıçəkilən mütəfəkkirlər milyonlarla insanın qəlbində yaşayır və gələcək nəsillərə mənəvi bağlarla ötürülür.
Tədbir zəngin konsert proqramı ilə davam etdirilib, musiqili gecədə Əhməd Cavadın, Natəvanın sözlərinə bəstələnmiş mahnılar, Rauf Hacıyev və Fikrət Əmirovun əsərləri, habelə Hüseyn Cavidin şeirləri səsləndirilib.
Konsertə xüsusi rəng qatan Türk-Azərbaycan qardaşlığının rəmzinə çevrilmiş musiqili xoreoqrafik kompozisiya - “Mehtər marşı” və “Can Azərbaycan” mahnıları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Yekunda sözləri istiqlal şairi Əhməd Cavada aid olan “Çırpınırdın Qara dəniz” mahnısı təqdim edilib.
Sonda səhnəyə dəvət edilən Gəncə Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və 15 nömrəli Musiqi məktəbinin rəhbərləri təşkil olunan birgə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.