İQTİSADİYYAT
Gəncədə “Vergi dostları”na sertifikatlar təqdim olunmuşdur
Gəncə, 30 oktyabr (AZƏRTAC). Gəncədə vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini gücləndirmək, vətəndaşlarda vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının ümumtəhsil məktəblərinin müəllimlərinə “Vergi dostu” sertifikatının və kompyuterlərin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi (şəhər və rayon mərkəzləri istisna olmaqla) kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirmiş, gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların götürdükləri öhdəliyin vacibliyindən danışmışdır.
Qeyd olunmuşdur ki, indiyədək respublikada 1252 nəfər müəllimə müvafiq təlim keçirilmiş və “Vergi dostu” sertifikatı verilmişdir.
Sonra vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov müasir vergi siyasətinin əsas istiqamətlərindən biri olan məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidin təmin edilməsinin vacibliyindən danışmış, bu məqsədlə Vergilər Nazirliyində görülən işləri diqqətə çatdırmışdır.
Sonda təlimi müvəffəqiyyətlə başa vuran 78 nəfərə “Vergi dostu”na üzvlük sertifikatı, “Vergi dostu”nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuşdur.