Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib
Gəncə, 30 dekabr, Rauf Hacıyev, AZƏRTAC
UAFA (Azərbaycana Birgə Yardım) təşkilatı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Gəncə şəhərində Yeni il şənliyi keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz təbriklərini çatdırıb, qarşıdan gələn yeni ildə hər bir ailədə doğulan, böyüyən uşaqlara sağlam həyat və firavan gələcək arzulayıblar.
Bildirilib ki, UAFA təşkilatı Gəncə Avratlantik Məlumat Mərkəzi və Əlil insanlar üçün Mərkəz (Gürcüstan) ilə birlikdə 9 aydır “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo-Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsini həyata keçirir. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının artırılması, onlarda özünəinamın yaradılması, həmçinin inklüzivliyin artırılmasında yerli icmaların və ailələrin rolunun təşviqi vasitəsilə onların cəmiyyətə fəal şəkildə inteqrasiyasına dəstək göstərilməsidir.
Bayram şənliyində iştirak edən uşaqlar rəqs edib, şeir söyləyib, mahnılar oxuyublar. Şənliyə Şaxta baba və Qar qızla yanaşı, klounun da qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.
Bayram şənliyinin sonunda Mərkəzin uşaqlarına Gəncə Kəpəz Bələdiyyəsi tərəfindən hədiyyələr təqdim edilib.
Sonda xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri adından çıxış edən Şəfəq Babayeva şənliyin təşkilində göstərdikləri təşəbbüskarlıqlarına görə xeyirxah və yardımsevər insanlara öz minnətdarlığını bildirib.