Gəncədəki tibb müəssisələrində monitorinq aparılıb
Gəncə, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən xəstəxana və poliklinikalarda, habelə özəl tibb müəssisələrində monitorinqlər aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinqlərdə şəhər icra hakimiyyəti başçısının müavinləri - Səməd Tomuyev, şəhər səhiyyə idarəsinin rəhbər işçiləri iştirak ediblər.
Monitorinqlər zamanı xəstəxana və poliklinikalarda xüsusi karantin rejimi qaydalarına hansı səviyyədə əməl olunduğu yoxlanılıb. Tibb müəssisələrində sanitar-gigiyenik normalara əməl edilməsi, səhiyyə ocaqlarının bütün girişlərində xüsusi dezinfeksiyaedici məhlulların yerləşdirilməsi, tibbi personalla yanaşı, pasiyentlərin də tibbi maskadan istifadəsinin təmin edilməsi məsələləri diqqətdə saxlanılıb.
Həmçinin tibbi personal və pasiyentlərlə profilaktik söhbətlər aparılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində bütün zəruri tədbirlər görülür. Bu işdə səhiyyə ocaqları və tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Məhz bu səbəbdən tibb ocaqlarında xüsusi karantin rejiminin bütün qaydalarına ciddi əməl edilməsi olduqca vacibdir.