Gənclər arasında sağlam həyat tərzinin təbliği diqqət mərkəzində saxlanılır
Bakı, 2 aprel, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvləri rayon ərazisindəki 202 və 82 nömrəli tam orta məktəblərdə şagird və pedaqoji kollektivlə görüş keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb.
Veteranlar Şurasının sədri Paşa Kərimov davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını vurğulayıb. Qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələ biləcək müsibətlərdən xəbərdar olsalar, vaxtında özlərini qorumağı bacararlar.
Erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan Şura sədri gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox savadsızlıqdan və məlumatsızlıqdan irəli gəldiyini bildirib.
Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib. Dini əqidənin səhv başa düşülməsinin cəmiyyət üçün təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.
Sonda məktəblilərin sualları cavablandırılıb.