Gənclər təşkilatlarının media ilə əlaqələrinin gücləndirilməsinə dair vebinar keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər Təşkilatları Milli Şurası (NAYORA) gənclər təşkilatlarının media ilə əlaqələrinin gücləndirilməsi və fəaliyyətlərinin daha çox gənci əhatə etməsi məqsədilə vebinar təşkil edib.
NAYORA-dan AZƏRTAC-a verilən məlumata görə, “Gənclər təşkilatlarının mediada fəaliyyəti” mövzusuna həsr olunan vebinarda Azərbaycan Gənclər Fondunun mətbuatla əlaqələr üzrə katibi Turanə Hüseynli təcrübələrini iştirakçılarla bölüşüb.
Medianın yeni reallıqda rolunu nəzərə alaraq təşkil olunmuş vebinarın əsas hədəfi gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələrini möhkəmləndirmək və bu işdə gənclərin şəxsi bacarıqlarını inkişaf etdirmək və bununla da gənclər təşkilatlarının daha çox gənci əhatə edərək fəaliyyətlərini stimullaşdırmaqdır.
Vebinarda media ilə əlaqələrin vacibliyi, press-relizlərin dolğun yazılma qaydası və verilişlərdə çıxışlar zamanı diqqət yetirilməli olan məqamlara toxunulub. Həmçinin gənclər təşkilatlarının kütləvi informasiya vasitələrində düzgün təbliği məsələləri müzakirə olunub. Görüşdə gənclər təşkilatlarının nümayəndələrinin sualları cavablandırılıb, təklifləri dinlənilib.
Qeyd edək ki, sıralarında 133 gənclər təşkilatını birləşdirən NAYORA ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Onun əsas fəaliyyət istiqaməti tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaqdır.