“Gənclər üçün Prezident Mükafatı”na namizədliyi təklif olunan gənc alimlərlə görüş olmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi təklif olunan gənc alimlərlə görüşmüşdür.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, akademiyanın prezidenti gənclərə xatırlatmışdır ki, mükafat ölkə prezidenti İlham Əliyevin 2 iyul 2013-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Məqsəd elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və ictimai sahələrdə fərqlənən istedadlı gənclərin fəaliyyətlərinin qiymətləndirilməsidir. Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə iyul ayının 29-da AMEA Rəyasət Heyətinin sərəncamı ilə mükafata namizədliyi təqdim olunacaq gənc alimlərin müəyyənləşdirilməsi üzrə ekspert komissiyası yaradılmışdır.
AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Rasim Əliquliyev bildirmişdir ki, akademiyanın elmi-tədqiqat müəssisələri tərəfindən 38 gənc alimin namizədliyi təklif olunmuşdur. Təkliflər AMEA-nın bölmə bürolarında müzakirə edilmiş, komissiyaya təklif üçün 24 nəfər seçilmişdir. Onlardan 3 gənc alimin namizədliyi noyabrın 20-dək AMEA Rəyasət Heyətinə təqdim ediləcəkdir.
Sonda 24 gənc alim qazanmış olduqları elmi nailiyyətlər barədə ekspert komissiyası qarşısında çıxış etmişlər.