Gənclər Vətən müharibəsi qaziləri ilə görüşüblər
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Görüş yeri” kafesində Vətən müharibəsi qaziləri ilə gənclərin görüşü olub.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir Azərbaycan Ordusunun qüdrətinin daha da artdığını bildirib, Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edib. Xidmət rəisi müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi rolunu da xatırladaraq, xalqımızın bu fədakarlığı və mərdliyi heç zaman unutmayacağını vurğulayıb.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, Vətən müharibəsində igidlik göstərən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Bu cür qəhrəmanlar yetişdirən xalqa heç bir düşmən bata bilməz. Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir. Tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə görüşlər bundan sonra da keçiriləcək.
Görüşdə iştirak edən qazilərimiz Təbriz Zeynalov, Anar Cəfərov, Mirkənan Kərimov, Nürəddin Nəbiyev, Ceyhun Davudov, Hüseyn Hacıyev, Seymur Yusifov və Ümman Məmmədov çıxışlarında Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildiriblər. Azad olunan torpaqların indi gənclərə əmanət olduğunu vurğulayan qazilər onlara Vətəni daima uca tutmağı tövsiyə ediblər.
Gənclərin sualları cavablandırıldıqdan sonra Vətən müharibəsi iştirakçılarına təşəkkür plaketləri təqdim olunub. Qazilər onlara göstərilən sevgi və diqqətə görə minnətdarlıq ediblər.
Sonda bu il mayın 7-də Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilmiş “Şanlı zəfər tariximiz” adlı inşa yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov hərbi vətənpərvərlik hissinin gənclərə aşılanmasında Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə sıx əməkdaşlığına görə fond tərəfindən təşəkkürnamə ilə təltif olunub.