Gənclərə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmaları tövsiyə edilmişdir
Mingəçevir, 26 fevral (AZƏRTAC, Şahnəzər Bəşirov). Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi insanlığa qarşı ümumbəşəri soyqırımıdır” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının gənclər birliyi tərəfindən keçirilən toplantının iştirakçıları əvvəlcə Şəhidlər xiyabanındakı “Soyqırımı” abidə kompleksini ziyarət etmişlər.
Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Heydər Əliyev Mərkəzinin direktoru, YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Mustafayev, şəhər gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli gənclərə Xocalı həqiqətləri barədə məlumatların bütün dünyaya çatdırılmasında fəal olmağı tövsiyə etmişlər. Natiqlər dünyanın hər nöqtəsində “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına qoşulan gənclərin fəallığını yüksək qiymətləndirmişlər.
Xocalı sakini, şagirdləri ilə birlikdə 18 gün erməni əsirliyində olmuş Cəfər müəllimin çıxışı tədbir iştirakçılarında o faciəli günlər haqqında dolğun təəssürat yaratmışdır. O, gələcək nəsillərin bu cür faciələrlə qarşılaşmamasını arzu etmişdir.
Xocalıların Mingəçevirdəki nümayəndəsi Zahir Yusifov iştirakçılara Xocalı şəhərinin qədim tarixi, faciə gününədək baş verən hadisələrdən geniş söhbət açmışdır.
Bildirilmişdir ki, Xocalı faciəsi xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.
Gənclər bu faciəyə dünya birliyi tərəfindən düzgün qiymət verilməsini istəmiş, həmyaşıdlarını müvafiq işlərin həyata keçirilməsində fəal olmağa səsləmişlər.
Sonda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunmuşdur.