GENERAL-MAYOR HARRİ VYATT: AZƏRBAYCAN BİZİM ÜÇÜN BİR NÖMRƏLİ PRİORİTETDİR
ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı, hərbi-siyasi məsləhətləşmələr aparılması üçün Amerika nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş general-mayor Harri Vyatt aprelin 17-də Amerika mərkəzində keçirilmiş mətbuat konfransında demişdir: “Ştatların milli qvardiyasının tərəfdaşlıq proqramında Azərbaycan bizim bir nömrəli prioritetimizdir”. Amerikalı generalın sözlərinə görə, proqram çərçivəsində Azərbaycanla əməkdaşlıq 90-cı illərin axırlarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.
General xüsusi olaraq vurğulamışdır ki, Oklahoma Milli Qvardiyası Azərbaycanda hərbi islahatlar keçirilməsinə kömək edir, milli ordunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində ölkəmizin səylərini dəstəkləyir.
Amerikalı general qeyd etmişdir ki, 2010-cu ildə iki ölkənin hərbi-tibbi heyətinin iştirakı ilə “Cherokee Angel” proqramı çərçivəsində genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Bu proqramın məqsədi azərbaycanlı həmkarlarla təcrübə mübadiləsi aparmaq və yerli əhaliyə tibbi yardım göstərməkdən ibarətdir. Xatırladaq ki, keçən ilin may ayında ölkəmizdə bu cür təlimlər artıq keçirilmişdir.
H.Vyatt demişdir ki, bu gün Azərbaycanda ordu islahatı yolunda mühüm addımlar atılır. Qvardiya komandanı xüsusi vurğulamışdır ki, ölkəmizdə hərbi islahatların gedişi əvvəlki illərlə müqayisədə xeyli sürətlənmişdir.
Qeyd edilmişdir ki, Ştatların milli qvardiyasının xarici dövlətlərlə tərəfdaşlıq proqramı 1993-cü ildə Sovet İttifaqı dağılandan sonra hərbi-siyasi vəziyyətin dəyişməsinə cavab olaraq yaradılmışdır.
Proqramın məqsədi ABŞ və onun tərəfdaşı olan ölkələrin qoşunları arasında qarşılıqlı hərbi əlaqələr yaratmaq imkanını yaxşılaşdırmaq, demokratik təsisatların inkişafına kömək etmək, eləcə də sabitliyin möhkəmləndirilməsi üçün bazar iqtisadiyyatının inkişafına yardımçı olmaq, ABŞ-a xas olan humanitar dəyərləri nümayiş və təqdim etməkdən ibarətdir.
