GEOLOGİYA İNSTİTUTUNDA GÖRÜŞ
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, “Xəzərin Azərbaycan sahillərindəki çay və yeraltı sularda nutriyentlərin (üzvi və qeyri–üzvi maddələrin birləşməsi) paylanmasının tədqiqi” layihəsi ilə əlaqədar keçirilən görüşdə AMEA–nın Yer elmləri bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə qonaqlara rəhbərlik etdiyi elm ocağının fəaliyyəti barədə geniş məlumat vermişdir.
Qeyd edək ki, layihə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun maliyyə dəstəyi ilə Vayn Dövlət Universiteti və AMEA–nın Geologiya İnstitutu tərəfindən yaradılmış, 2005–ci ilin noyabrından icrasına başlanmışdır.
Görüşdə layihənin Azərbaycan tərəfindən əlaqələndiricisi, Geologiya İnstitutunun neft və qaz geologiyası və geokimyası şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev layihənin məqsədi və icrası barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, layihəyə əsasən, Azərbaycanda böyük çayların Xəzərə töküldüyü yerlərdə izotopların köməyi ilə nutriyentlərin paylanması tədqiq olunacaqdır. Bu yaxınlarda Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində çöl tədqiqatlarına başlanılacaqdır. Gələn il Qudyalçay, Qusarçay və Viləşçayda da tədqiqatların aparılması nəzərdə tutulur. Layihənin icrası 2007-ci ildə başa çatacaqdır.
Layihənin ABŞ tərəfindən əlaqələndiricisi, Vayn Dövlət Universitetinin professoru Baskaran Mark belə bir tədqiqatın Xəzərdə ilk dəfə aparıldığını bildirərək, gələcəkdə dənizin ekologiyasının tədqiqində Geologiya İnstitutu ilə əməkdaşlığı genişləndirməyi təklif etmişdir.
Akademik Akif Əlizadə qeyd etmişdir ki, nutriyentlər Xəzərin flora və faunasının qidalanmasında böyük rol oynayır. Bu baxımdan Xəzərdə ilk dəfə həyata keçirilən layihənin əhəmiyyəti çox böyükdür. İnstitut alimləri Vayn Dövlət Universitetindəki həmkarları ilə birgə Xəzərin yalnız ekologiyası deyil, neft-qaz, palçıq vulkanizmi, seysmikliyi sahələrində də tədqiqatlar və təcrübə mübadilələri aparmağa hazırdır.