Geologiya və Geofizika İnstitutunda gənc tədqiqatçılar üçün lektoriyalara başlanılıb
Bakı, 2 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər və gənc tədqiqatçılar üçün mart ayından başlayaraq lektoriyalar keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, ilk lektoriyada institutun baş direktoru akademik Akif Əlizadə biliklərin inkişafında mühüm rol oynayan lektoriyaların əhəmiyyəti ilə bağlı həyat təcrübələrini bölüşüb, geniş maarifləndirmə işlərindən söz açıb. Alim bildirib ki, institutda hər ay təşkil olunacaq lektoriyalarda aparıcı alimlər müxtəlif aktual problemlərlə bağlı məruzə edəcəklər. Bu tədbirlərdə, həmçinin təcrübəli və geniş elmi bilikləri ilə tanınan mütəxəssislərlə gənclərin yaxından ünsiyyət qurmalarına şərait yaradılacaq.
Sonra GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiri akademik Əkpər Feyzullayev “Müasir dünyada karbohidrogen axtarışlarının əsas istiqamətləri və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. O, icmal xarakterli məruzəsində karbohidrogen resurslarının təsnifatı (ənənəvi və qeyri-ənənəvi resurslar), neftin və qazın Yer təkində toplanması, müxtəlif növ karbohidrogen ehtiyatları xassələrinin müqayisəsi, ənənəvi karbohidrogen hasilatının artırılması yolları, antiklinal tələlərdə əsas axtarışlar və digər istiqamətlər haqqında diaqram və sxemlər əsasında müfəssəl məlumat verib. Ə.Feyzullayev məruzəsində dünyanın qabaqcıl neft hasilatçılarının təcrübəsi ilə Azərbaycanda neft sənayesinin durumunu müqayisəli şəkildə təqdim edib. Xam neftin keyfiyyətindən misallar gətirən akademik Ə.Feyzullayev dünyada ağır neft və bitum ehtiyatı yataqları olan dövlətləri sadalayaraq diqqətə çatdırıb ki, Rusiya, ABŞ, Çin və Səudiyyə Ərəbistanı bu baxımdan “lider” sayılırlar. Bitumlu qumlar isə ən çox ABŞ ərazisinin payına düşür - 81,6 faiz.
“Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi dərc etdirdiyi hesabatında belə qənaətə gəlir ki, dünyanın neft və qaz ehtiyatları tükənmir. Sadəcə olaraq, onlar getdikcə daha əlçatan olur. Eyni zamanda, gələcək o qədər qeyri-müəyyəndir ki, onu planlaşdırmaq, demək olar ki, mümkün deyil”, - deyə alim diqqətə çatdırıb.
Məruzəçi təqdimatının sonunda gəlinən nəticəni açıqlayaraq bildirib ki, proqnoza görə, 2050-ci ildə neft, qaz və kömür dünyanın ən böyük enerji mənbələri olaraq qalacaq, bərpa olunan enerji mənbələri isə təxminən eyni səviyyəyə yüksələcək.