Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün növbəti mühazirələr təşkil edib
Bakı, 20 may, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Özbəkistanın Daşkənd Gömrük İnstitutunun (DGİ) kursantları, magistrantları və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda növbəti distant mühazirələr təşkil edilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, DGİ-nin müraciəti əsasında təşkil olunan mühazirələrdə azərbaycanlı mütəxəssislər gömrük ekspertizası laboratoriyalarının fəaliyyətinin təşkili sahəsində təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər. Bu sahəyə aid ilk mühazirələr gömrük orqanlarının fəaliyyətində gömrük ekspertizasının təkmilləşdirilməsi məsələlərinə həsr olunub.
Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təyyar İbrahimov iki ölkənin gömrük orqanlarının strukturları arasında yaradılan belə əlaqələrin ekspert laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi üçün vacibliyini qeyd edib.
Özbəkistan DGK-nın rəhbərliyi adından tədbir iştirakçılarını Qeyri-tarif tənzimlənməsi və gömrük ekspertizası idarəsinin rəis müavini, gömrük xidməti mayoru Otabek Hasanov salamlayıb.
DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Dərman vasitələrinin, baytarlıq, heyvandarlıq və bitkiçilik mallarının ekspertizası şöbəsinin baş eksperti, gömrük xidməti mayoru Nurlanə Məmmədli özbəkistanlı dinləyicilərə gömrük ittifaqı ölkələrinin arasında ekspert-tədqiqat fəaliyyətində vahid bazanın rolu, Texnoloji və mexaniki avadanlıqların ekspertizası şöbəsinin baş eksperti, gömrük xidməti baş leytenantı Günay Yusifova isə gömrük ekspertizasında texniki təminat və qarşılıqlı fəaliyyət haqqında ətraflı məlumat verib və sualları cavablandırıblar. Həmçinin sözügedən idarənin gömrük ekspertizası laboratoriyalarının işinə həsr olunmuş videofilm nümayiş etdirilib.
Daşkənd Gömrük İnstitutunun Kadrların yenidən hazırlanması və ixtisasının artırılması fakültəsinin “Xüsusi fənlər” kafedrasının rəisi, texnika elmləri doktoru, gömrük xidməti polkovniki Lola Pulatovanın “Gömrük nəzarəti zamanı malların təhlükəsizliyi məsələlərin həllində gömrük ekspertizasının rolu və əhəmiyyəti” mövzusunda məruzəsi də təqdim olunub.
Cari il ərzində azərbaycanlı mütəxəssislər tərəfindən özbəkistanlı dinləyicilərə gömrük orqanlarının fəaliyyətinin müxtəlif sahələrinə aid məsələlərə həsr ediləcək daha bir neçə distant mühazirələrin təqdim olunacağı planlaşdırılıb.
Qeyd edək ki, bu mühazirələr Özbəkistan Dövlət Gömrük Komitəsinin Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 1996-cı il mayın 27-də imzalanmış “Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma”ya müvafiq olaraq keçirilir.