Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı başa çatıb
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı başa çatıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans bugünkü iş gününə “Gömrük-biznes əməkdaşlığı: iqtisadi inkişafa dəstək” adlı panel iclasla başlayıb. Uruqvay Gömrük İdarəsinin baş direktoru Enrike Kanonun moderatorluğu ilə keçirilən iclasda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Özəl Sektor üzrə Məşvərət Qrupunda Şimali və Cənubi Amerika üzrə Peşəkar Gömrük Təmsilçiləri Assosiasiyasının (ASAPRA) daimi nümayəndəsi Alfonso Rojas del Kastillo, Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Antonio Vidales, Tallinn Texnologiya Universitetinin əməkdaşı Kristina Juan Karrion təqdimatlarla çıxış ediblər.
Konfransın bu gün “İpək yolu: intermodal daşıma və logistika perspektivləri” mövzusundakı əsas məruzə bölümündə isə Bakı Beynəlxalq Ticarət Limanının Əməliyyat Xidmətinin rəhbəri Yugen Şou və “Azərbaycan Dəmir Yolları Ekspress” MMC-nin direktor müavini Elçin Əhmədov nəqliyyat və logistika sahəsində ölkəmizdəki mövcud potensial və gələcək perspektivlər barədə iştirakçıları məlumatlandırıblar.
Sonra Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayevin moderatorluğu ilə “Blokçeyn” mövzusunda sonuncu iclası keçirilib.
İqbal Babayevin mövzu ilə bağlı qısa məlumatından sonra blokçeyn və kriptoqrafiya üzrə mütəxəssis Alvaro Llobet, “Maersk” şirkətinin qlobal ticarətin rəqəmsallaşdırılması üzrə kommersiya direktoru Nikolas Bahmann və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov təqdimatlarla çıxış edib.
Daha sonra Dövlət Gömrük Komitəsi ilə Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operator (SİO) Beynəlxalq Assosiasiyası arasında Fəaliyyət Planına dair protokol imzalanıb.
Protokolu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo imzalayıblar.
Konfransın sonunda çıxış edən DGK sədri Səfər Mehdiyev tədbirin qlobal ticarətin asan və sürətli həyata keçirilməsi, gömrük-biznes münasibətlərində daha innovativ yanaşmaların ortaya qoyulması baxımından əhəmiyyətli olduğunu bildirib.
Komitə sədri qeyd edib ki, istər qlobal ticarətdəki xüsusi elementlərin müəyyənləşdirilməsi və bu elementlər barədəki məruzələr, uğurlu təqdimatlar, istərsə də dövlət-gömrük, gömrük-biznes əməkdaşlığının inkişafı istiqamətində səslənən fikirlər iştirakçılar üçün yeni çağırışlar müəyyənləşdirməyə, qlobal ticarətin inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo isə çıxışı zamanı rəhbərlik etdiyi qurum adından DGK-ya təşəkkürünü bildirib, özəl sektorla gömrük arasında inamın yaranması istiqamətində bu tədbirin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.