GORANBOY RAYONU RESPUBLİKAMIZIN SÜRƏTLİ İNKİŞAFINA LAYİQLİ TÖHFƏLƏR VERİR
Respublika iqtisadiyyatının sürətli inkişafında Goranboyun da sanballı payı vardır. Bu barədə ötən ilin yekunları və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ətraflı söhbət açılmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun hesabat məruzəsi, rayon təhsil şöbəsinin müdiri Elmar Əliyev, sahibkar Vidadi Hüseynov, polis rəisi Ağalar Məhərrəmov, mərkəzi xəstəxananın baş həkimi Faiq Abdullayev, Qarabağ müharibəsi əlili Orxan Əliyev və başqalarının çıxışları dinlənilmişdir.
Qeyd olunmuşdur ki, ötən il rayonda 6,7 milyon manatlıq tikinti-abadlıq işləri görülmüşdür. Bu, əvvəlki illə müqayisədə 40,2 faiz çoxdur. Şəhərdə 42680 kvadratmetr, Dəliməmmədlidə 6235 kvadratmetr yola asfalt salınmışdır. Tap Qaraqoyunlu kəndinə isə 18,3 kilometr uzunluğunda yeni yol çəkilmiş, Sarov, Qaşaltı, Səfikürd, Qaraqoyunlu və Zeyvə kəndlərində kəndarası yollar yenidən qurulmuş, park və istirahət guşələri yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, son üç ildə iş adamlarının təşəbbüsü ilə rayonda 15 yeni istehsal müəssisəsi fəaliyyətə başlamışdır. Təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş gips zavodu hazırda 8 adda məhsul istehsal edir. Goranboy şəhərində respublikamızda yeganə peyk antenləri istehsalı müəssisəsi, Nadirkənddə çınqıl sexi, plastik boru, digər məişət ləvazimatları istehsal edən müəssisələr istifadəyə verilmişdir. Hazırda bir sıra obyektlərdə tamamlama işləri görülür. Bütün bu tədbirlər nəticəsində rayonda 1940 yeni iş yerləri yaradılmış, beləliklə də özəl bölmədə çalışanların sayı 31 min 400 nəfərə çatmışdır. Keçən il ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 75 faiz, pərakəndə əmtəə dövriyyəsi 53,9 milyon manat olmuşdur. Bu, əvvəlki ilin göstəricilərindən xeyli çoxdur.
Rayon iqtisadiyyatının əsas sahəsi olan aqrar bölmənin inkişafından danışan natiqlər nəzərə çatdırmışlar ki, hazırda bu sahədə 28 min 66 nəfər çalışır. Xatırladılmışdır ki, keçən il 31 fermerə 298,8 min manat güzəştli kredit verilmişdir.
Qazanılan bütün bu uğurları ölkəmizin başçısı İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiyasının məntiqi davamı kimi qiymətləndirən məruzəçi və çıxış edənlər vurğulamışlar ki, hər bir nailiyyət əhalinin, o cümlədən Goranboy sakinlərinin güzəranının yaxşılaşmasına xidmət edir. 2006-cı ildə rayon əhalisinin illik pul gəliri 97 milyon 924 min manat (əvvəlki illə müqayisədə 16 milyon manat çox), hər ailənin orta aylıq pul gəliri 306,7 manat (43,2 manat çox) olmuşdur.
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində qazanılmış uğurlardan da söz açılmışdır. Qeyd edilmişdir ki, keçən il dövlət vəsaiti hesabına 525 yerlik 3, yerli büdcə vəsaiti hesabına 500 yerlik 4 və ictimai əsaslarla 670 yerlik 6 məktəb binası tikilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən 1080 yerlik 5 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.
Əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təminatında yaranmış problemlərin həlli də müzakirə mövzusu olmuşdur. Yığıncaqda rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov və Milli Məclisin deputatı Gültəkin Hacıyeva çıxış edərək keçən il ölkə iqtisadiyyatının inkişafında qazanılan uğurlardan danışmış, bu uğurlarda Goranboy rayonunun sanballı payı olduğunu vurğulamışlar.
Yığıncaq iştirakçıları adından ölkəmizin Prezidentinə müraciət qəbul olunmuşdur.
Tədbirdə Prezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov iştirak etmişdir.