GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ EHTİRAMLA ANILMIŞDIR
Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül-çiçək düzmüşlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova demişdir ki, bu gün xatirələrini ehtiramla andığımız hər iki şəxsiyyətin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətini və dövlətçiliyini fəlakətlərdən xilas edib ədəbi müstəqillik yoluna çıxardığı, milli dövlətçiliyimizin mükəmməl inkişaf strategiyasını müəyyənləşdirdiyi kimi, Zərifə xanımın da respublikamızda tibb elminin, xüsusən də onun az inkişaf etmiş oftalmologiya sahəsinin tərəqqisində müstəsna xidmətləri olmuşdur.
Mənim yaxşı yadımdadır, Zərifə xanım ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda o vaxtlar nəinki respublikamızda, hətta keçmiş İttifaq miqyasında oxşarı olmayan peşə patalogiyası laboratoriyası yaradaraq dünya təcrübəsində birincilər sırasında sənayedə və kənd təsərrüfatında peşə fəaliyyəti ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi ilə bağlı milli elmi-təcrübi məktəbin əsasını qoymuşdur. Zərifə xanım Əliyevanın göz xəstəliklərinin öyrənilməsi, müayinə və müalicəsinə dair nadir elmi əsərləri, dərslik və dərs vəsaitləri bu sahə ilə məşğul olan mütəxəssislər, alimlər, müəllimlər və tələbələr üçün qiymətli bilik xəzinəsidir.
Zərifə xanımı qəlbimizdə əbədi yaşadan onun yalnız görkəmli alim, məşhur pedaqoq, gözlərə nur bəxş edən həkim olması deyildir. Zərifə xanım həm də xalqımızın fədakarlığı, nəcibliyi, səmimiyyəti və müdrikliyi ilə fəxr etdiyi Azərbaycan qadınlarından biri, sözün böyük mənasında istəkli ana, etibarlı ömür-gün yoldaşı, sədaqətli dost idi.