GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİMİN YUBİLEYİMÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Alimin doğmaları, vaxtilə onunla bir yerdə təhsil almış, işləmiş həmkarları, ölkəmizin tanınmış şərqşünasları onun əziz xatirəsini yad etmiş, məzarı önünə tər çiçəklər düzmüş, əklillər qoymuşlar. Mərhumun ruhuna dua oxunmuşdur.
Burada keçirilən mərasimdə çıxış edənlər dərin elmi araşdırmaları ilə keçmiş İttifaqda və xaricdə böyük nüfuz qazanmış Aida İmanquliyevanın yaradıcılığından söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Natiqlər mərhumu həm də təvazökar və səmimi insan, sədaqətli dost, qayğıkeş və nəvazişli ana kimi səciyyələndirmişlər.
X X X
Respublika Muzey Mərkəzində professor Aida İmanquliyevanın anadan olmasının 65 illiyi münasibətilə xatirə gecəsi keçirilmişdir. Tanınmış alimə ithaf olunmuş “Əlvida” mahnısı ilə başlanan gecədə ailə üzvləri adından çıxış edən ədəbiyyatşünas Nərgiz Paşayeva, özünün ssenarisi əsasında “İrs” teatr evinin Aida xanım haqqında film hazırladığını bildirmişdir. Səmimi, iradəli, xeyirxah bir insan, xalqını sevən, millətinin mənəviyyatını uca tutan, dilini, mədəniyyətini yüksək səviyyədə bilən alimin xidmətlərindən bəhs edən filmdə alimin həmkarları, dostları onunla bağlı xatirələrini bölüşür, istedadlı şərqşünasın sanballı tədqiqatlarından söhbət açırlar.
Filmi yüksək dəyərləndirən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yaradıcı kollektivi təbrik etmişdir.
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Kudelin, Azərbaycan MEA-nın müxbir üzvü Vasim Məmmədəliyev mötəbər elm dairələrində rəyi ilə hesablaşılan Aida İmanquliyevanın tədqiqatlarından danışmışlar.
Xatirə gecəsində Azərbaycanın incəsənət ustaları çıxış etmişlər.
Sonda Aida xanımın ömür-gün yoldaşı akademik Arif Paşayev gecənin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Tədbirlərdə alimin qızı, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva iştirak etmişdir.