MƏDƏNİYYƏT
GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİMİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Noyabrın 4-də “Avropa” mehmanxanasında görkəmli şərqşünas alim və ilahiyyatçı, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universiteti ilahiyyat fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyevin 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Əvvəlcə Quran oxundu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə konfransı açaraq dedi ki, Qurani-Kərimin tərcüməçisi, təfsirçisi, tədqiqatçisi olan Vasim Məmmədəliyev beynəlxalq simpozium və konfranslarda özünün sanballı elmi çıxışları ilə ölkəmizi layiqincə təmsil edən, dünya islamşünaslığının diqqət mərkəzində olan görkəmli alim və ilhiyyatçıdır. Onun Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri kimi səmərəli iş apardığını, dini-mənəvi dəyərlərin təbliğində səmərəli fəaliyyət göstərdiyini vurğulayan şeyxülislam yubilyarı Azərbaycanın layiqli ziyalısı, milli dövlətçilik ideyalarına sadiq, bir neçə dili mükəmməl bilən, mütərəqqi mənəvi intibah uğrunda mübariz bir alim-şəxsiyyət kimi səciyyələndirdi.
Sonra akademik Fuad Qasımzadə “Misilsiz təfəkkür sahibi” mövzusunda məruzə etdi. O bildirdi ki, 24 yaşında elmlər namizədi, 32 yaşında elmlər doktoru alimlik dərəcəsi almış Vasim Məmmədəliyev onlarca monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 200-dən artıq sanballı elmi məqalənin müəllifidir. Onun elmi tədqiqatları sırasında ərəb dilçiliyinə, o cümlədən Bəsrə və Kufə qrammatika məktəblərinə həsr olunmuş əsərləri xüsusilə təqdirəlayiqdir.
MEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik-katibi Ağamusa Axundov, akademiklər Bəkir Nəbiyev, Ziyad Səmədzadə, Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsi müdirinin müavini Tariyel Həsənov, MEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, BDU-nun şərqşünaslıq fakultəsinin dekanı Elxan Əzizov və başqaları çıxiş edərək, Azərbaycanda şərqşünaslıq elminin inkişafında Vasim Məmmədəliyevin əvəzsiz xidmətlərindən danışdılar, təvazökar alimə elmi axtarışlarında daha böyük uğurlar arzuladılar.
Yubilyara gül buketləri, hədiyyələr təqdim olundu.
Axırda Vasim Məmmədəliyev çıxış etdi, əməyini yüksək qiymətləndirərək onu “Şöhrət” ordeni ilə təltif etdiyinə görə dövlətimizin başçısına, minnətdarlığını bildirdi, konfransın təşkilatçıları və iştirakçılarına təşəkkür etdi.