GÖRKƏMLİ YAZIÇI VƏ ALİMİN GƏNC NƏSLİN TƏLİM-TƏRBİYƏSİNDƏ BÖYÜK XİDMƏTLƏRİ OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə vurğulanmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və digər iştirakçılar əvvəlcə “Mir Cəlal Paşayev - 100” adlı sərgiyə baxmışlar. Sərgidə görkəmli sənətkarın 40-a yaxın kitabı, dövri mətbuatda dərc olunmuş məqalələri, ədib haqqında yazılmış kitablar nümayiş etdirilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov demişdir ki, YUNESKO baş konfransının 34-cü sessiyasında 2008-2009-cu illərdə “Leyli və Məcnun” operasının ilk tamaşasının, yazıçı Mir Cəlal Paşayevin, akademik Musa Əliyevin və xalq rəssamı Səttar Bəhlulzadənin yubileylərinin qeyd olunması barədə qərar qəbul edilmişdir. Bu qərar Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və elminin milli sərhədləri aşaraq bütün dünyada qəbul və təsdiq olunmasının bariz ifadəsidir.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ədibin həyat və yaradıcılığı barədə danışmışdır. O, yazıçı-alimin publisistik, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun yüksək insani keyfiyyətlərindən, milli elmi kadrların hazırlanması, gənc nəslin yetişdirilməsi və təlim-tərbiyəsi sahəsində böyük xidmətlərindən söz açmışdır.
Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teartı aktyorlarının ifasında yazıçının hekayələrindən parçalar, xalq şairi Nəriman Həsənzadənin Mir Cəlal Paşayevə həsr etdiyi şeirlər oxunmuş, görkəmli ədəbiyyatşünas alimlərin ədib haqqında fikirləri səsləndirilmişdir.