CƏMİYYƏT
Göyçayda QHT-lərin müsbət təcrübəsinin yayılması məsələsi müzakirə edilib
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Göyçay şəhərində QHT-lərin müsbət təcrübəsinin yayılması və QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklər mövzusunda toplantı keçirilib.
Rayondakı Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə vətəndaş cəmiyyətinin, ictimaiyyətin təmsilçiləri və bələdiyyə nümayəndələri iştirak ediblər.
“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bölgədəki QHT-lərin fəaliyyəti, həyata keçirdikləri sosial-ictimai layihələr haqqında danışıb. O, vətəndaş cəmiyyətinin maliyyə əsaslarının möhkəmləndirilməsi, onlara müxtəlif sahələr üzrə xidmətlərin təşkilində ötən illərdə əldə olunan uğurlardan danışaraq Şuranın ictimai sektorun inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib.
Şura üzvü Sahib Məmmədov QHT-lərlə bağlı qanunvericilik aktlarına edilən son əlavə və dəyişikliklərin mahiyyəti haqqında toplantı iştirakçılarına məlumat verərək onların mövcud boşluqları aradan qaldırmaq və vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət etdiyini bildirib. Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə ardıcıl həyata keçirilən dövlət siyasəti haqqında danışan S.Məmmədov QHT-lərin müsbət təcrübəsinin yayılmasının zəruri olduğunu söyləyib.
S.Məmmədov Şuranın QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında danışıb və ictimai sektorun fəallığını artırmasının vacibliyini vurğulayıb. O, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsində Şuranın üzərinə düşən vəzifələr, həyata keçirdiyi tədbirlər və görülməli olan işlər haqqında məlumat verib.
Şura üzvü tədbirin sonunda iştirakçıların yoxsulluğun azaldılması sahəsində görülən işlər, QHT-lərin fəaliyyəti, qanunvericilikdə edilmiş son əlavə və dəyişikliklər və digər məsələlərlə bağlı suallarını cavablandırıb.