Göyçayda Zəfər Günü ilə əlaqədar konsert proqramı təşkil olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Göyçay şəhərinin mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin və yerli müğənnilərin iştirakı ilə bayram konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçıları, rayon sakinləri iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində Göyçay Rayon Heydər Əliyev Mərkəzində məktəblilərin Vətən müharibəsi mövzusunda rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda bayram konserti təşkil edilib. Rayon mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.