Göygöl Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib
Göygöl, 5 may, E.Məmmədov, AZƏRTAC
Göygöldə start götürəcək cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Avropa Cüdo Birliyinin (EJU) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimin əvvəlində ACF prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək Göygöl Avropa Kubokunun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib. Həmçinin, o göstərdikləri etimada görə Avropa Cüdo Birliyinə (EJU) təşəkkür edib və bütün idmançılara uğurlar arzulayıb.
EJU-nun idman komissarı Albert Gmeiner birliyin prezidenti Tot Laszlo adından bütün iştirakçıları salamlayıb, turnirin gənc idmançıların karyeralarında böyük əhəmiyyət kəsb etdiyini və tədbirin təşkilində göstərilən səylərə görə ACF-yə minnətdarlığını bildirib.
Daha sonra mərasimdə çıxış edən EJU-nun hakimlər üzrə komissarı Mətin Özkan qeyd edib ki, Göygöl Avropa Kubokunun görüşləri 15 hakim tərəfindən idarə olunacaq, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcək.
Mayın 6-7-də keçiriləcək Göygöl Avropa Kuboku turnirində 18 ölkədən 268 cüdoçu iştirak edəcək.