Gözdən əlillər hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, gözdən əlillər iştirak etmişlər.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (GƏC) sədri Səmyar Abdullayev çıxış edərək Beynəlxalq Gözdən Əlillər Gününün əhəmiyyətindən, təmsil etdiyi təşkilatın fəaliyyətindən, dövlət tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan, bu sahədə mövcud problemlərdən və onların həlli yollarından danışmışdır. Bildirilmişdir ki, BMT və Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsi ilə hər il noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir. DST-nin apardığı statistikaya əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə diqqət və qayğı yüksək səviyyədədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlillər üçün 132 mənzildən ibarət bina tikilir. Həmçinin reabilitasiya tədris mərkəzi inşa edilir və bu mərkəzin gələn il istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Məhdudiyyətsiz həyat” layihəsi haqqında da məlumat verilmişdir. Bildirilmişdir ki, layihə hər bir gözdən əlil vətəndaşın özünü göstərməsinə və bacarığını nümayiş etdirməsinə imkan yaradır.
Tədbirdə gözdən əlil vətəndaşların mövcud problemləri və onların həlli yolları ətrafında müzakirələr aparmışlar.
Sonda sözügedən layihə çərçivəsində gözdən əlil ifaçılardan ibarət “Duyğu” ansamblının təqdimatı keçirilmiş, “Zülmətlə mübarizə” filmi nümayiş etdirilmişdir. Filmdə gözdən əlil vətəndaşların cəmiyyətə adaptasiya və inteqrasiya problemlərindən, bu problemlərin həlli istiqamətində görülən işlərdən bəhs olunur.