“GUAM-TRANZİT” BEYNƏLXALQ KONFRANSI BAŞA CATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM-Tranzit” adlı beynəlxalq konfrans aprelin 30-da işini yekunlaşdırmışdır.
Konfransın yekunlarına həsr edilmiş mətbuat konfransında qurumun baş katibi Valeri Çeçelaşvili bildirmişdir ki, GUAM ölkələri arasında ticarət dövriyyəsinin yaxın 5 ildə 10 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu artım ölkələrimiz arasında nəqliyyat infrastrukturunun inkişafı və tranzit imkanlarının genişləndirilməsi nəticəsində mümkündür.
Bakı konfransının GUAM-ın iqtisadi inkişaf, ticarət əlaqələri və nəqliyyat infrastrukturuna dair planlarının real olduğunu bir daha nümayiş etdirdiyini vurğulayan baş katib qeyd etmişdir ki, təşkilatın 2012-ci ilə qədər həyata keçirəcəyi nəqliyyat layihələri uzunmüddətli iqtisadi əməkdaşlıq prioritetlərinin uyğunlaşdırılması və nəqliyyat infrastrukturunun inkişafına imkan verəcəkdir. Yeni layihələrə 15 milyon ton yük daşınması gücünə malik Ələt limanı, yükdaşıma potensialını 40 milyon tona qədər artıracaq Poti limanı və Bakı-Poti istiqamətində yeni dəmir yolu daxildir.
Valeri Çeçelaşvili GUAM ölkələri arasında yeni maliyyə institutunun formalaşdırılmasının mümkünlüyünü də bildirmişdir. Həmin institut layihələrin həyata keçirilməsinə xidmət edəcəkdir. GUAM üzvü olan ölkələrin bankları arasında artıq bu ideyanın mövcudluğu, regional bankın yaradılmasının real olduğu qeyd edilmişdir.
Valeri Çeçelaşvili GUAM ölkələri arasında beynəlxalq konsorsiumun da yaradılmasının mümkünlüyünü istisna etməmişdir. Bu konsorsium ölkələr arasında icra olunan investisiya layihələrində iştirak edə bilər.
Təşkilatın tərkibinin genişləndirilməsinə gəlincə, baş katib vurğulamışdır ki, GUAM-a yeni üzvlərin cəlb edilməsi əsas məqsəd deyil. GUAM açıq təşkilatdır. Əsas məqsədimiz GUAM-ın nüfuzlu təşkilat olması və bundan beynəlxalq aləmdə problemlərin həllində istifadə etməsidir.
Konfrans çərçivəsində GUAM ölkələrinin nəqliyyat nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun növbəti iclası da keçirilmişdir. İşçi qrupunun toplantısında əvvəlki iclaslarda qəbul edilən qərarların icra vəziyyəti, nəqliyyat sektorunda əlaqələrin daha da genişləndirilməsi və cari məsələlər müzakirə olunmuşdur.
Mayın 13-də Kişinyovda GUAM ölkələrinin milli əlaqələndiricilərinin iclasının keçirilməsi, iyulun 1-də isə Tbilisidə GUAM ölkələrinin sammitinin təşkil edilməsi nəzərdə tutulur.