“GÜLÜSTAN” SARAYINDA RƏSMİ QƏBUL
UKRAYNANIN BAŞ NAZİRİ VİKTOR YANUKOVİÇİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmanın tapşırığı ilə mən İlham Heydər oğlunu seçkilərdə gözəl və parlaq qələbəsi və Prezident vəzifəsinin icrasına başlaması münasibətilə Ukrayna hökuməti adından təbrik etmək istəyirəm. Mən sizin hamınızı bütün Azərbaycan xalqının bayramı münasibətilə təbrik edirəm.
Ukrayna Azərbaycanla mehriban və sabit münasibətləri hər zaman yüksək qiymətləndirmişdir və bu ölkənin konkret dəstəyini həmişə hiss etmişdir. Bütün mürəkkəb məsələlərin – istər çətin siyasi problemlərin, istərsə də uzun illər ərzində yaranmış ağır iqtisadi problemlərin həllində biz bir-birimizə kömək və arxa olmuşuq.
İlham Heydər oğlu, mən bilirəm ki, Siz valideynlərinizdən çox şeylər götürmüsünüz. Onlar yəqin ki, Sizə İlham adı qoyanda da fikirləşmişdilər. Düşünürəm ki, Siz öz xalqınızdan, dostlarınızdan və ailənizdən ilham alacaqsınız. Arzu edirəm ki, Sizin həyatınızda və fəaliyyətinizdə alacağınız dəstək bu gün məzmunlu çıxışınızda dediyiniz yeni layihələrin həyata keçirilməsində Sizə güc-qüvvə versin. Mən Sizə sülh və xeyir-bərəkət arzulayıram.
Təklif edirəm, bu badəni Sizin kimi Prezident seçmiş Azərbaycan xalqının müdrikliyi şərəfinə qaldıraq.
Sağ olun.