“GÜNƏŞİ İÇƏNLƏRİN TÜRKÜSÜ”
“Azərbaycan” nəşriyyatında nəfis şəkildə yenicə çapdan buraxılmış “Günəşi içənlərin türküsü” kitabının Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimat mərasimi keçirilmişdir.
Kitabda XX əsr dünya ədəbiyyatının görkəmli simalarından biri, böyük türk şairi Nazim Hikmətin şerləri, məqalələri, Azərbaycanda onun haqqında yazılan şerlər, poemalar, məqalələr toplanmışdır.
Mərhum tədqiqatçı Qədir İsmayılın tərtib etdiyi kitaba ön sözün müəllifi AYB-in sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anardır. O, mərasimi açaraq, N.Hikmətlə bağlı Azərbaycanda və Türkiyədə keçirilən ədəbi-elmi tədbirlərdən danışdı, yeni kitabın şairin xatirəsinə dəyərli bir töhfə olduğunu bildirdi.
Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz ölkələrimiz arasındakı mehriban dostluq və qardaşlıq münasibətlərindən danışdı, Azərbaycanda N.Hikmətin yaradıcılığına sonsuz sevgi və maraq göstərildiyinə görə böyük qürur hissi keçirdiyini, “Günəşi icənlərin türküsü”nü əziz bir xatirə kimi saxlayacağını vurğuladı.
Milli Məclis sədrinin müavini, şərqşünas-alim Gövhər Baxşəliyeva, xalq şairləri Qabil, Vaqif Səmədoğlu, Fikrət Qoca, yazıçı-publisist, filologiya elmləri doktoru Aqşin Babayev və başqaları 2002-ci ilin YUNESKO tərəfindən Nazim Hikmət ili elan olunduğunu diqqətə çatdırdılar, türk xalqlarının poeziyasına gətirdiyi yeniliklərdən ətraflı söhbət açdılar, onun Bakıda keçirdiyi günlərlə bağlı öz xatirələrini söylədilər.